Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tur iki futbolçunun ölkə çempionatında 350-ci oyununu keçirməsi ilə əlamətdar olub. Arena.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Qəbələ” (1:0), “Sumqayıt”ın arxa xətt oyunçusu Vurğun Hüseynov “Səbail”lə qarşılaşmada (2:0) yubileyini qeyd edib. Hər iki kapitan 350-ci görüşünü doğma meydanda keçirib.
Bununla da 1992-ci ildən keçirilən yarışda 350 və daha çox oyuna çıxanların sayı 12-yə çatıb. Maksimlə Vurğuna qədər 10 futbolçu buna nail olub.
Debütü 2006/07 mövsümünə təsadüf edən Maksim bu müddətdə 12 qol vurub. 33 yaşlı müdafiəçi yalnız “Qarabağ”da forma geyinib. O, bir klubda ən çox oyun keçirən futbolçudur.
İlk oyunu 2005/06 mövsümünə təsadüf edən Vurğunun hesabında 10 qol var. 34 yaşlı müdafiəçi debüt etdiyi “Turan” və indi şərəfini qoruduğu “Sumqayıt”dan başqa “Qəbələ”də də çıxış edib.
“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə isə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü üzrə meydana çıxan ən gənc futbolçu olub. 17-ci turun “Səbail”lə ev görüşünün 80-ci dəqiqəsində şans qazanan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə debüt edib.
O, “Zirə”nin futbolçusu Ramiz Muradova məxsus olan rekordu yeniləyib. Bakı təmsilçisinin futbolçusu 17 yaş 37 günlüyündə meydana çıxmışdı. Bu rekord 258 gün yaxşılaşdırılıb.
Qeyd edək ki, cari mövsümdə yalnız 4 futbolçu 18 yaşadək meydana çıxmağa nail olub.
- Nihat Əhmədzadə (“Sumqayıt”) – 16 yaş 144 gün
- Ramiz Muradov (“Zirə”) – 17 yaş 37 gün
- Rüfət Abbasov (“Neftçi”) – 17 yaş 218 gün
- Qurban Səfərov (“Şamaxı”) – 17 yaş 336 gün
- Ağadadaş Salyanski (“Neftçi”) – 18 yaş 161 gün


