Bu yay Türkiyənin “Qalatasaray” klubundan ayrılan fransalı hücumçu Bafetimbi Qomis özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bundan sonra karyerasını Yaponiyada davam etdirəcək.
Təcrübəli hücumçu “Kavasaki Frontale” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti 2025-ci ilin 31 yanvarına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Bafetimbi Qomis 2022-ci ilin fevral ayından “Qalatasaray”da forma geyinirdi. Əslən Seneqaldan olan fransalı forvard 2017/2018 mövsümündə də İstanbul klubunun şərəfini qorumuşdu. Təcrübəli oyunçu bu komandanın heyətində bütövlükdə 86 oyuna çıxıb. O, bu oyunlarda 51 qola imza atıb, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Qomis həm 2017/2018, həm də başa çatan 2022/2023 mövsümündə bu komanda ilə Türkiyə çempionu olub.
Qomis karyerası ərzində “Əl-Hilal” (154 oyun, 116 qol, 17 assist), “Sent-Etyen” (165 oyun, 49 qol, 17 assist), “Trua” (13 oyun, 6 qol), “Olimpik” (Lion) (244 oyun, 95 assist, 22 assist), “Suonsi Siti” (71 oyun, 17 qol, 3 assist), “Olimpik” (Marsel) (34 oyun, 21 qol, 4 assist) kimi klublarda da oynayıb. Təcrübəli forvard vaxtilə Fransa millisində də 12 oyun keçirib, 3 qol vurub.


