Futbol üzrə İtaliya millisinin və İsveçrənin “Syon” klubunun hücumçusu Mario Balotelli yenidən “Adana Dəmirspor”a qayıdıb.
Arena.az xəbər verir ki, 33 yaşlı forvard keçmiş-yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Mario Balotelli “Syon”a ötən ilin avqust ayında məhz “Adana Dəmirspor”dan 2,62 milyon avro qarşılığında keçmişdi. O, sözügedən komandada 19 oyuna çıxıb, 6 qol vurub.
Mario 2021/2022 mövsümündə formasını geyindiyi “Adana Dəmirspor”da 35 oyuna 19 qol vurmuş, 7 məhsuldar ötürmə müəllifi olmuşdu. O, “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa”, “Lumetsane” kimi klublarda da forma geyinib. Qalmaqalları ilə məşhur olan futbolçu İtaliya yığmasında da 36 oyuna çıxıb, 14 qol vurub.
PSJ-nin yarımmüdafiəçisi Eduard Mişu da “Adana Dəmirspor”a keçib. Super Liqa klubu 20 yaşlı fransızı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. PSJ-nin yetirməsi olan, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu ötən mövsümü “Sanderlend”də icarədə keçirib.
“Adana Dəmirspor” Yunanıstanın “Olimpiakos” klubunun mərkəz müdafiəçisi Pape Abu Sisseni də heyətinə qatıb. 28 yaşlı seneqallı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Sisse 2017-ci ildən formasını geyindiyi “Olimpiakos”dan başqa “Pikine”, “Ayaçço” və “Sent Etyen” klublarında da çıxış edib. O, Seneqal yığmasında 16 oyuna 1 qol vurub.
Xatırladaq ki, “Adana Dəmirspor” bir müddət öncə Azərbaycan yığmasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi də heyətinə qatmışdı.


