“Barselona” və “Atletiko Paranaense” 18 yaşlı braziliyalı hücumçu Vitor Rokenin Kataloniya klubuna transferi ilə bağlı razılıq əldə ediblər.
Arena.az bu barədə məsələni diqqətdə saxlayan jurnalist-insayder Rocer Torelloya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, yeniyetmə istedad kataloniyalılarla 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq. Müqavilə haqda iyulun 3-nə qədər məlumat veriləcəyi təxmin edilir. Vitor Rokenin sərbəstburaxılma qiyməti 916 milyon avro (təxminən 1 milyard dollar) təşkil edəcək. “Barselona” yayın sonuna qədər Rokeni ala bilməsə, hücumçu 6 ay müddətinə Kataloniya klubuna icarəyə veriləcək.
Vitor Roke “Atletiko Paranaense”yə 2022-ci ilin aprelində 4,7 milyon avro qarşılığında “Kruzeyro”dan keçib və klubla cari müqaviləsi 2027-ci ilin may ayına qədərdir.
Hücumçunun “Barselona”ya transferi İspaniya klubuna 35 milyon avro və üstəlik 10 milyon avro məbləğində bonuslar hesabına başa gələcək.
Vitor Roke ümumilikdə “Atletiko Paranaense”nin heyətində 63 oyuna çıxıb, 19 qol vurub, 8 məhsuldar ötürmə verib.
Hazırda “Transfermarkt” internet-portalı Vitor Rokeni 18 milyon avro məbləğində qiymətləndirir.


