“Barselona” Dembele ilə müqavilə yenilədi, Rafinya ilə gücləndi

İspaniyanın “Barselona” klubu fransalı yarımmüdafiəçisi Usman Dembele ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı vingerin klubla yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Usman Dembele 2017-ci ildən “Barselona”da çıxış edir. O, Kataloniya təmsilçisinin heyətində bütövlükdə 150 matça çıxıb, 32 qola imza atıb. Fransanın “Renn” klubunun yetirməsi olan futbolçu İspaniya klubuna gələnə qədərə Dortmund “Borussiya”sında (Almaniya) da forma geyinib.

Dembele həm də Fransa milli komandasının üzvüdür. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub.

“Barselona” heyətinə yeni futbolçu da cəlb edib. Kataloniya təmsilçisi İngiltərənin “Lids” klubundan Rafinyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı vinger tibbi müayinədən keçdikdən sonra 5 illik rəsmi müqaviləyə imza atacaq. İspaniya klubu bu transfer üçün İngiltərə təmsilçisinə 58 milyon avro ödəyib.

Rafinya 2020-ci ildən “Lids”də çıxış edirdi. O, bu komandanın heyətində 67 oyuna 17 qol vurub. Braziliyadan olan 25 yaşlı oyunçu “Lids”dən əvvəl “Renn”, “Sportinq”, “Vitoriya Gimaraynş” və “Avay”da çıxış edib. Braziliya millisində də 9 oyuna çıxmış futbolçu, 3 qolla yadda qalıb.

Yeri gəlmişkən, Rafinyanı satan “Lids” də ABŞ yığmasının yarımmüdafiəçisi Tayler Adamsla güclənib. Almaniyanın “Leypsiq” klubundan transfer olunan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə klubunun bu keçidə görə 17 milyon avro ödədiyi bildirilir. ABŞ millisində 30 oyuna 1 qol vurmuş Tayler Adams, əvvəllər “Nyu York Red Bulls” komandasının da formasını geyinib.

“Barselona” öz futbolularından Fransisko Trinkaonu da icarəyə verib. 22 yaşlı yarımmüdafiəçi karyerasını “Sportinq”də davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, Trinkao ötən mövsümü icarə əsasında “Vulverhempton”da keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: