“Barselona” “Mançester Siti”nin portuqal hücumameylli yarımmüdafiəçisi Bernardo Silvanın transferində maraqlıdır.
Arena.az bu barədə jurnalist Ferran Martinesə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Barselona” rəhbərliyi Bernardo Silvanın transferi üzərində fəal surətdə işə başlayıb. Məlum olduğu kimi, portuqal yarımmüdafiəçinin özü də Kataloniya klubuna keçmək istəyir. Bu səbəbdən də o, rəsmi təklif alacağı halda, transferində israrlı olacaq. Hazırda tərəflər hamı üçün münasib həll yolunun axtarışındadırlar.
“Barselona” rəhbərliyi Bernardo Silvanı tezliklə PSJ-yə transferi rəsmiləşəcək fransalı hücumçu Usman Dembeleyə əvəzedici qismində görür.
Geridə qalmış 2022/2023 mövsümündə Bernardo Silva “Mançester Siti”nin heyətində 55 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə vedib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.
Bernardo Silvanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bernardo Silva Portuqaliya yığmasının heyətində 82 oyuna çıxıb, 11 qol vurub. Futbolçu yığma komanda ilə 2017 FIFA Konfederasiyalar Kubokunun bürünc mükafatçısı, 2019 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı Bernardo Silvanı 80 milyon avro məbləğində qiymətləndirir.


