Fransa çempionu PSJ-nin və Braziliya yığmasının ulduz hücumçusu Neymar İspaniyanın “Barselona” klubuna qayıtmayacaq.
Arena.az “Sport.es” portalına istnadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi futbolçunun keçirdiyi həyat tərzindən xəcalət çəkir.
Mümkün transferə əngəl olan digər məqam kimi isə braziliyalı ulduzun mütəmadi zədələnməsi amilidir.
Bundan başqa, “Barselona” maliyyə feyr-pleyindəki problemlər səbəbindən braziliyalı ulduzu qeydiyyatdan keçirə biləcəyinə heç bir zəmanət verə bilmir.
Daha əvvəl, Neymarın PSJ tərəfindən transferə çıxarıldığı və İngiltərə Premyer Liqasından bir neçə klubun braziliyalı hücumçu ilə maraqlandığı haqda məlumat yayılmışdı. Çox bahalı olan futbolçunun transfer qiyməti ilə yanaşı, aldığı məvacibin həcmi də hər klubun maliyyə imkanlarına müvafiq deyil.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2025-ci ilə qədər qüvvədədir. Neymar geridə qalmış mövsümdə parislilərin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib. Braziliyalı PSJ ilə Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı futbolçunu 70 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Kataloniya klubunun baş məşqçisi Xavi də Neymarın onun planlarına daxil olmadığı haqda açıqlama vermişdi.


