“Barselona”nın PSJ-nin braziliyalı hücumçusu Neymarı Kataloniya klubuna qaytarmaqdan imtina etməsinin səbəbləri məlum olub.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Neymarın xidmətlərini “Barselona”ya ulduz futbolçunun agentləri təklif ediblər. Amma Kataloniya klubu Neymarın transferinin iqtisadi cəhətdən sərfəli olmayacağı ilə yanaşı, digər amili də əsas götürüb. Kataloniya klubu Neymarın komandanın paltardəyişmə otağında problemlərə səbəb ola biləcəyini düşünür.
Xatırladaq ki, Neymar meydandan kənarda qeyri-nümunəvi davranışı, sarsaq həyat tərzi ilə ilə daim “sarı mətbuat”ın diqqət mərkəzindədir.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.
Braziliyalı ulduzun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. Paris nəhəngi Neymarı heyətinə qatmaq üçün 222 milyon avro məbləğində xərc çəkib.
Geridə qalmış 2022/2023 mövsümü ərzində Neymar parislilərin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib, Fransa çempionluğunu qazanıb. Braziliyalı ulduz həmçinin tez-tez zədələnməsi ilə diqqət çəkir.
Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


