İspaniya La Liqasının 27-ci turundan təxirə salınmış “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarix açıqlanıb.
Arena.az İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidmətinə istinadən məlumat verir ki, sözügedən oyun mart ayının 27-nə təyin edilib.
Xatırladaq ki, təqvimə müvafiq olaraq, oyun mart ayının 8-də keçirilməli idi. Amma “Barselona”nın həkimi Karles Minyarro Qarsiya həmin gün vəfat etdiyindən, oyun qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Hazırda “Barselona” 27 oyundan 60 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. 28 oyundan 60 xal toplamış “Real” Kataloniya klubunu 2-ci pillədən təqib edir. Madrid “Atletiko”su isə 28 oyundan 56 xalla ilk üçlüyü qapayır.
27 oyundan 33 xal toplamış “Osasuna” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Əlavə edək ki, La Liqanın birinci dövrəsinin 8-ci turunda keçirilmiş oyunda “Osauna” evdə “Barselona”nı 4:2 hesabı ilə məğlub edib.


