“Barselona”nın futbolçusu Pablo Torre məşq zamanı əlini sındırdı

“Barselona”nın ispan mərkəz yarımmüdafiəçisi Pablo Torre “blauqrana”nın məşqi zamanı sol əlinin beşinci əldarağı sümüyünü sındırıb.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Hadisə dünən, iyulun 16-da baş verib. Yaxın günlərdə futbolçu klub həkiminin nəzarəti altında cərrahi əməliyyat ediləcək. Əməliyyatdan sonra Kataloniya klubunun mətbuat xidməti Torrenin səhhəti barədə ətraflı məlumat verəcək.

Pablo Torre futbola “Marina” klubunda qədəm qoyub və buradan Santander “Rasinq”inə keçib. “Barselona” Torreni 2022-ci ilin iyulunda 5 milyon avro məbləğ müqabilində “Rasinq”dən tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. İspan futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümünü Torre “Jirona”da icarədə keçirib və mövsümün bitməsilə “blauqrana”nın düşərgəsinə qayıdıb.

Ötən mövsüm Torre “Jirona”nın heyətində 29 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Pablo Torre İspaniyanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib, əsas yığmaya isə hələ dəvət almayıb.

Pablo Torrenin qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023-cü illər mövsümünün İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: