Bart Verbruggen 20 milyon avro qarşılığında “Brayton”da!

Belçikanın “Anderlext” klubunun və Niderlandın U-21 yığmasının qapıçısı Bart Verbruggen “Brayton”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

20 yaşlı qolkiperin transferi ingilislərə 20 milyon avroya başa gəlib. Tərəflər 5 illik müqaviləyə imza atıblar.

Bart Verbruggen Niderlandın “NAK Breda” klubunun yetirməsidir. Gənc qapıçı 2020-ci ilin avqust ayında 2,3 milyon avro qarşılığında “Anderlext”ə transfer olunmuşdu. O, Belçika nəhəngində 31 oyuna çıxıb, 39 qol buraxıb, 11 “quru” matç keçirib. Niderlandın U-18 yığmasında da oynamış qapıçı hazırda U-21-ə dəvət alır.

“Brayton” gənc hücumçusu Abdallah Simanı isə Şotlandiyanın “Reyncers” klubuna icarəyə verib. Seneqaldan olan 22 yaşlı forvard 2023/2024 mövsümünün sonuna kimi icarədə çıxış edəcək.

Abdallah Sima peşəkar karyerasına Çexiyanın “Slaviya” (Praqa) klubunda başlayıb. O, 2021-ci ilin avqustunda 8 milyon avro qarşılığında “Brayton”a keçsə də, bu klubun əsas komandasında forma geyinməyib. Seneqallı forvard daha öncə “Stok Siti” və “Anje”də də icarədə oynayıb. Seneqal yığmasında 4 matç keçirmiş futbolçu fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: