Futbol üzrə Polşa milli komandasının sağ cinah müdafiəçisi Bartoş Bereşinski bundan sonra İtaliyanın “Napoli” klubunun uğurları üçün çalışacaq. Arena.az xəbər verir ki, “Sampdoriya”ya məxsus olan 30 yaşlı futbolçu Neapol təmsilçisinə icarə əsasında keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Polşalı müdafiəçi bu mövsümün sonuna kimi icarədə olacaq. Neapollular yayda oyunçunun transfer hüquqlarını da almalı olacaq. Bereşinskinin “Sampdoriya” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimidir.
Bartoş Bereşinski 2017-ci ilin yanvarından “Sampdoriya”da forma geyinir. O, A Seriyası təmsilçisində 187 oyuna çıxıb, bu görüşlərdə 1 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Öz ölkəsində “Legiya” (Varşava), “Lex” (Poznan) və “Varta” (Poznan) kimi klubların da formasını geyinmiş müdafiəçi, Polşa millisinin də aparıcı üzvlərindəndir. O, milli komandada 50 oyuna çıxıb.
“Napoli” bu transferin tərkib hissəsi kimi öz sağ cinah müdafiəçisi Alessandro Zanolini də “Sampdoriya”ya icarəyə verib. İtaliyadan olan 22 yaşlı futbolçunun bu ilin 30 iyununa kimi Genuya təmsilçisində forma geyinəcəyi diqqətə çatdırılıb. “Karpi”nin yetirməsi olan Zanoli 2018-ci ildən Neapol klubunda çıxış edir. O, bu klubun əsas komandasında 16 matça çıxıb. İtaliyanın gənclərdən ibarət yığmasında oynamış futbolçu, “Lenyaqo”da icarədə də olub.


