Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Çin milli komandasının müdafiəçisi Vu Şaokunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çin Super Liqasında mübarizə aparan “Quançjou”dan gələn 22 yaşlı mərkəz müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisinin bu transferə görə Çin klubuna ödəniş edib-etmədiyi açıqlanmır. Futbolçunun yeni komandasında 4 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Vu Şaokun “Quançjou”nun öz yetirməsidir. O, bu komandada 57 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Gənc futbolçu icarə əsasında “Kioto Sanqa”da da forma geyinib. Müdafiəçi Çin milli komandasında 2 matça çıxıb.
Sonda onu da qeyd edək ki, Şaokun nəinki “Başakşəhər” klubunda, hətta Türkiyə Super Liqasında forma geyinəcək ilk çinli futbolçu olacaq.


