Basketbol: Azərbaycan millisi İslamiadanın qalibi oldu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanıda təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Arena.az xəbər verir ki, yığmamız Ər-Riyadda keçirdiyi bütün oyunlarında rəqiblərindən güclü olub.

Belə ki, millimiz qrup mərhələsində meydan sahibi Səudiyyə Ərəbistanı yığmasını 21:8 hesabıyla üstələyib. Daha sonra Türkiyə yığmasına 19:11 hesabıyla qalib gəlmiş komandamız son olaraq Kot-d’İvuarı 21:14 hesabıyla yenib.

Qrup lideri kimi növbəti mərhələyə adlamış Azərbaycan millisi yarımfinalda Misir yığmasından güclü olub – 22:15.

Milli komandamız finalda yenidən Türkiyə seçməsinə rəqib olub. Həlledici oyunda da qardaş ölkə yığmasına 21:13 hesabı ilə qalib gələn basketbolçu qızlarımız qızıl medala sahib çıxıblar.

Nəticədə yığmamız çempionluq titulunu qoruyub. Xatırladaq ki, 3×3 basketbol üzrə Azərbaycan millisi 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaş: