Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 9-cu turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.
Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən oyunda “Cəlilabad” doğma azarkeşləri önündə “Xırdalan”ı sınağa çəkib. Meydan sahibləri bu oyundan 98:90 hesablı qələbə ilə ayrılıblar. Qalib komandanın ən məhsuldar basketbolçusu Tomas Kobi olub – 32 xal, 11 ribaund. “Xırdalan”da isə Teyvion Kirk fərqlənib – 26 xal, 7 ribaund.
9-cu turun son oyunu (“Şəki” – “NTD-İndiqo”) sabah keçiriləcək. Turun əvvəlki oyunlarında “Neftçi” “Sərhədçi”yə 88:86, “Sabah” “Xəzri”yə 84:80, “Sumqayıt” isə “Gəncə”yə 95:88 hesabıyla qalib gəlib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
- Xəzri (9 oyun, 7 qələbə, 2 məğlubiyyət) – 16 xal
- NTD-İndiqo (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
- Neftçi (9 oyun, 6 qələbə, 3 məğlubiyyət) – 15 xal
- Cəlilabad (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
- Xırdalan (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
- Sumqayıt (9 oyun, 3 qələbə, 6 məğlubiyyət ) – 12 xal
- Gəncə (9 oyun, 3 qələbə, 6 məğlubiyyət) – 12 xal
- Sərhədçi (9 oyun, 2 qələbə, 7 məğlubiyyət) – 11 xal
- Şəki (8 oyun, 8 məğlubiyyət) – 8 xal


