Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 13-cü turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən oyunda “Cəlilabad” və “Şəki” komandaları üz-üzə gəliblər. Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran “Cəlilabad” gərgin oyunun yekununda 90:86 hesablı qələbəyə sevinib. Meydan sahiblərinin heyətində ən məhsuldar basketbolçu Zaur Paşayev olub – 26 xal, 3 assist. “Şəki”də isə Pol Dibal fərqlənib – 25 xal, 4 ribaund.
13-cü turun son oyunu (“NTD-İndiqo” – “Xəzri”) sabah keçiriləcək. Daha öncə “Sabah” “Sərhədçi”yə (96:71), “Neftçi” “Sumqayıt”a (113:96), “Xırdalan” isə “Gəncə”yə (93:87) qalib gəlib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (13 oyun, 11 qələbə, 2 məğlubiyyət) – 24 xal
- Xəzri (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
- NTD-İndiqo (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
- Neftçi (13 oyun, 9 qələbə, 4 məğlubiyyət) – 22 xal
- Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
- Sərhədçi (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
- Cəlilabad (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
- Gəncə (13 oyun, 3 qələbə, 10 məğlubiyyət) – 16 xal
- Sumqayıt (13 oyun, 3 qələbə, 10 məğlubiyyət ) – 16 xal
- Şəki (13 oyun, 13 məğlubiyyət) – 13 xal


