Basketbol Federasiyasının yeni prezidenti Emin Əmrullayev oldu

Bu gün – dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov çıxış edərək federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib. O, yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Ardından federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.

Emin Əmrullayev federasiya prezidenti seçildikdən sonra çıxış edib. Nazir yeni vəzifəsi ilə bağlı bunları söyləyib:

“Mənə göstərilən etimata görə təşəkkür edirəm. Basketbolun inkişafının qısa müddətli formulu yoxdur. Orta məktəblər və ali təhsil müəssisələrində basketbolun həyatın bir hissəsinə çevrilməsi bizim əsas hədəflərimizdən biridir. Digər idman növlərində olduğu kimi basketboldada durğunluq olub. Bunun da əsas səbəbi pandemiya idi. İlk 6 ay ərzində mediaya planlarla bağlı məlumat verəcəyik. Bu sahə planlaşdırılmış iş tələb edir. Milli komandanın neçə oyunçu arasından formalaşması da başqa mövzudur. 100, 1000 və 10000 nəfər arasından seçim ola bilər. Hələlik ilkin mərhələdə təhlillər aparmalı və hədəflər idman ictimaiyyətinə çatdırılmalıdır”.

“Universitet komandalarının ölkə çempionatına daxil edilməsi mümkündür”

Basketbol Federasiyasının yeni prezidenti Azərbaycan çempionatındakı vəziyyətdən də söz açıb: “Vəziyyəti təhlil etməliyik. Çempionat məqsəd deyil, alətdir. Bu yarış ona görə keçirilir ki, rəqabət yaransın. Təbii ki, bizim çempionatımız olmalıdır. Məqsədimiz tezliklə çempionat keçirmək deyil. O, iki həftə gec başlaya bilər. Amma məqsədə xidmət etməlidir. Əsas məqsədimiz basketbolun kütləviliyi və Azərbaycanın nüfuzunu dünyada tanıtmaqdan ibarətdir. Universitet komandalarının ölkə çempionatına daxil edilməsi mümkündür. Sevindirici haldır ki, məktəblərdə ən çox sevilən idman növlərindən biri də məhz basketboldur”.

Əmrullayev uğurlar qazana biləcəklərinə inandığını bildirib: “Basketbolun məktəblərdə yalnız idman növü kimi deyil, həm də komanda ruhunun təşviqi məqsədilə inkişaf etdirməliyik. Niyə də uğurlu alınmasın?! Sadəcə, zaman lazımdır. Mən təklif edirəm ki, insanları köhnə yeni, cavan və yaşlıya bölməyək. Biz istəyirik ki, Azərbaycanda basketbol inkişaf etsin. Kim bunu istəyirsə, qapımız onun üzünə açıqdır”.

Nazir hazırkı mərhələdə mütəxəssisə ehtiyac duyduqlarını da vurğulayıb: “Təhlildən danışırıqsa, bizə idmançı yox, mütəxəssis lazımdır. Hər sahədə yenilik olmalıdır və olacaq. “Biz hansı strukturla işləyirik” sualının cavabı da təhlildən sonra bilinəcək. Basketbolu bilən adamlar bu sahədə olmalıdırlar. İstək çox şeyi həll etmir, istənilən sahəni irəli aparmaq üçün maliyyə və resurs lazımdır. Hələlik müzakirə imkanımız olmayıb, sizinlə seçkidən dərhal sonra görüşürəm. Biz zamanın tələbinə uyğun çevik olmalı və problemlərə cavab verməliyik”.

Emin Əmrullayev kimdir?

Əmrullayev Emin 1982-ci ilin 30 dekabrında Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb. O, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.

2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb.

2010–2012-ci illərdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Fulbright” proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

2005–2009-ci illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb.
2009–2010-cu illərdə “Kaspi Education” MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçib.

2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb.

2013-cü ildə “Kaspi Education” MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışıb.

2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlayıb. O, 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb.

2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.