Basketbol Liqası: “Gəncə” “NTD-İndiqo”ya da uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 3-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyunu Xaçmaz Olimpiya İdman Kompleksində baş tutub.

Xaçmaz təmsilçisi “NTD-İndiqo” doğma azarkeşləri önündə əvvəlki iki oyunundan məğlub ayrılmış “Gəncə” ilə qarşılaşıb. Oyuna üstün başlayan ev sahibi, yekunda rəqibi üzərində 94:76 hesablı qələbəyə sevinib.

Qalib komandanın ən məhsuldar basketbolçusu Cared Smol olub – 21 xal, 5 ribaund. “Gəncə”nin heyətində isə Kenyon Dulinq fərqlənib – 18 xal, 1 ribaund.

Xatırladaq ki, ötən gün baş tutan turun ilk oyununda paytaxt klubu “Xəzri” səfərdə “Cəlilabad” üzərində 89:79 hesablı qələbəyə sevinmişdi.

3-cü turun növbəti oyunları (“Sərhədçi” – “Sumqayıt”, “Neftçi” – “Şəki”, “Xırdalan” – “Sabah”) 10 və 11 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (3 oyun, 3 qələbə) – 6 xal
  2. Xırdalan (2 oyun, 2 qələbə) – 4 xal
  3. NTD-İndiqo (2 oyun, 2 qələbə) – 4 xal
  4. Cəlilabad (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
  5. Neftçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
  6. Sərhədçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
  7. Gəncə (3 oyun, 3 məğlubiyyət) – 3 xal
  8. Sabah (1 oyun, 1 qələbə) – 2 xal
  9. Sumqayıt (2 oyun, 2 məğlubiyyət ) – 2 xal
  10. Şəki (2 oyun, 2 məğlubiyyət) – 2 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: