Basketbol Liqası: “Gəncə” “Sumqayıt”a məğlub oldu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 9-cu turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən oyunda “Sumqayıt” doğma azarkeşləri önündə “Gəncə” ilə münasibətlərinə aydınlıq gətirib. Yekunda sumqayıtlılar rəqib üzərində 95:88 hesablı qələbəyə seviniblər. “Sumqayıt”ın ən məhsuldar basketbolçusu Smit Roderik olub – 18 xal, 11 ribaund. “Gəncə”də isə Culs Mur (22 xal, 4 ribaund) özündən söz etdirib.

Daha öncə “Neftçi” “Sərhədçi”yə 88:86, “Sabah” isə “Xəzri”yə 84:80 hesabı ilə qalib gəlmişdi. Turun qalan oyunları 23 və 24 dekabrda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
  2. Xəzri (9 oyun, 7 qələbə, 2 məğlubiyyət) – 16 xal
  3. NTD-İndiqo (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
  4. Neftçi (9 oyun, 6 qələbə, 3 məğlubiyyət) – 15 xal
  5. Xırdalan (8 oyun, 4 qələbə, 4 məğlubiyyət) – 12 xal
  6. Sumqayıt (9 oyun, 3 qələbə, 6 məğlubiyyət ) – 12 xal
  7. Gəncə (9 oyun, 3 qələbə, 6 məğlubiyyət) – 12 xal
  8. Cəlilabad (8 oyun, 3 qələbə, 5 məğlubiyyət) – 11 xal
  9. Sərhədçi (9 oyun, 2 qələbə, 7 məğlubiyyət) – 11 xal
  10. Şəki (8 oyun, 8 məğlubiyyət) – 8 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: