Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 7-ci turunun daha bir oyunu baş tutub.
Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Cəlilabad Olimpiya İdman Kompleksində keçirilib.
Burada “Cəlilabad” və “Gəncə” komandaları üz-üzə gəliblər. Gərgin oyunda iki əlavə vaxt baş tutub. Yerli komanda 14 xallıq fərqdən geri dönüş edib hesabda irəli çıxsada, bu üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Yekunda “Gəncə” 114:108 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Culs Mur olub – 29 xal, 10 ribaund. “Cəlilabad”da isə Tomas Kobi fərqlənib – 30 xal, 9 ribaund.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “NTD-İndiqo” “Neftçi”yə 93:71, “Xəzri” “Sumqayıt”a 95:85, “Xırdalan” isə “Sərhədçi”yə 79:57 hesablı ilə qalib gəlib.
7-ci tura sabah keçiriləcək “Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
Xəzri (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
NTD-İndiqo (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 12 xal
Neftçi (7 oyun, 5 qələbə, 2 məğlubiyyət) – 12 xal
Sabah (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
Xırdalan (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
Cəlilabad (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
Sumqayıt (7 oyun, 2 qələbə, 5 məğlubiyyət ) – 9 xal
Sərhədçi (7 oyun, 2 qələbə, 5 məğlubiyyət) – 9 xal
Gəncə (7 oyun, 2 qələbə, 5 məğlubiyyət) – 9 xal
Şəki (6 oyun, 6 məğlubiyyət) – 6 xal


