Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 7-ci turuna start verilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu “Sərhədçi” İdman Mərkəzində “Neftçi” ilə “NTD-İndiqo” arasında baş tutub.
Oyuna qonaqlar fəal başlayıblar. Üstünlüyünü oyunun sonuna qədər davam etdirən “NTD-İndiqo” yekunda 93:71 hesablı qazanıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Cared Smol olub – 38 xal, 8 ribaund. “Neftçi”də isə Toraje Breyk fərqlənib – 23 xal, 4 asist.
Turun qalan oyunları 8-10 dekabr aralığında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- NTD-İndiqo (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 12 xal
- Neftçi (7 oyun, 5 qələbə, 2 məğlubiyyət) – 12 xal
- Xəzri (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
- Sabah (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
- Cəlilabad (6 oyun, 3 qələbə, 3 məğlubiyyət) – 9 xal
- Xırdalan (6 oyun, 2 qələbə, 4 məğlubiyyət) – 8 xal
- Sumqayıt (6 oyun, 2 qələbə, 4 məğlubiyyət ) – 8 xal
- Sərhədçi (6 oyun, 2 qələbə, 4 məğlubiyyət) – 8 xal
- Gəncə (6 oyun, 1 qələbə, 5 məğlubiyyət) – 7 xal
- Şəki (6 oyun, 6 məğlubiyyət) – 6 xal


