Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024-cü il mövsümünün 2-ci turunun daha bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, turun dördüncü oyunu Şəki Olimpiya İmdan Kompleksində baş tutub.
İlk turda məğlub olmuş “Sərhədçi” səfərdə “Şəki” ilə qarşılaşıb. Oyuna üstün başlayan sərhədçilər yekunda rəqib üzərində 81:74 hesablı qələbəyə seviniblər. Qalib komandanın ən məhsuldar basketbolçusu Cekson Rid olub – 30 xal, 5 ribaund. “Şəki”nin heyətində Kris Klark fərqlənib – 24 xal, 5 ribaund.
Xatırladaq ki, 2-ci turun ilk oyununda “Xəzri” region təmsilçisi “Gəncə”yə 93:76 hesabıyla qalib gəlib. “Xırdalan” “Sumqayıt”ı 81:77 hesabıyla məğlub edib. “Neftçi” səfərdə “Cəlilabad”a qalib gəlib – 90:56. Bu turun “NTD-İndiqo” – “Sabah” oyunu isə təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xırdalan (2 oyun, 2 qələbə) – 4 xal
- Xəzri (2 oyun, 2 qələbə) – 4 xal
- Neftçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
- Sərhədçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
- Cəlilabad (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
- Sabah (1 oyun, 1 qələbə) – 2 xal
- NTD-İndiqo (1 oyun, 1 qələbə) – 2 xal
- Sumqayıt (2 oyun, 2 məğlubiyyət ) – 2 xal
- Şəki (2 oyun, 2 məğlubiyyət) – 2 xal
- Gəncə (2 oyun, 2 məğlubiyyət) – 2 xal


