Bu gün keçirilmiş son iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 4-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şəki Olimpiya İdman Kompleksində baş tutub.
“Şəki” doğma azarkeşləri önündə “Cəlilabad”ı qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyünü ələ alan qonaqlar səfərdən 97:61 hesablı parlaq qələbə ilə ayrılıblar. Bu, “Cəlilabad”ın mövsümdəki ikinci qələbəsidir. Meydan sahiblərinin ən məhsuldar basketbolçusu Kamal İmamverdiyev olub – 16 xal, 4 ribaund. “Cəlilabad”da isə Rişon Conson fərqlənib – 27 xal, 5 ribaund.
Turun qapanış görüşü Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. Burada çempionatın əsas favoriti “Sabah” “Sərhədçi” ilə üz-üzə gəlib. Son çempion rəqibi üzərində 112:89 hesablı rahat qələbə qazanıb. Qalib komandanın ən məhsuldar basketbolçusy Kivon Devenport olub – 28 xal, 8 ribaund. “Sərhədçi”də isə Cekson Rid fərqlənib – 22 xal, 7 asist.
Xatırladaq ki, daha öncə “Xəzri” “NTD-İndiqo”ya 71:86, “Sumqayıt” “Neftçi”yə 73:90, “Xırdalan” “Gəncə”yə 74:88 hesabıyla məğlub olmuşdu.
5-ci turun oyunları (“Sərhədçi” – “Gəncə”, “Xırdalan” – “NTD-İndiqo”, “Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 23-26 noyabr aralığında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
- Neftçi (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
- Sabah (3 oyun, 3 qələbə) – 6 xal
- NTD-İndiqo (3 oyun, 3 qələbə) – 6 xal
- Xırdalan (4 oyun, 2 qələbə, 2 məğlubiyyət) – 6 xal
- Cəlilabad (4 oyun, 2 qələbə, 2 məğlubiyyət) – 6 xal
- Sumqayıt (4 oyun, 1 qələbə, 3 məğlubiyyət ) – 5 xal
- Gəncə (4 oyun, 1 qələbə, 3 məğlubiyyət) – 5 xal
- Sərhədçi (4 oyun, 1 qələbə, 3 məğlubiyyət) – 5 xal
- Şəki (4 oyun, 4 məğlubiyyət) – 4 xal


