Basketbol Liqası: “Sabah” Şəkidən asan qələbə ilə döndü

Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Şəki Olimpiya İdman Kompleksində keçirilib.

Burada son çempion “Sabah” autsayder “Şəki” ilə qarşılaşıb və səfərdə 101:76 hesablı qələbəyə sevinib. “Sabah”ın ən məhsuldar basketbolçusu Desmond Kembric olub – 17 xal, 4 ribaund. “Şəki”də isə Simeus Vebster fərqlənib – 18 xal, 5 ribaund.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “NTD-İndiqo” “Neftçi”yə 93:71, “Xəzri” “Sumqayıt”a 95:85, “Xırdalan” “Sərhədçi”yə 79:57, “Gəncə” isə “Cəlilabad”a 114:108 hesablı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
  2. NTD-İndiqo (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
  3. Xəzri (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
  4. Neftçi (7 oyun, 5 qələbə, 2 məğlubiyyət) – 12 xal
  5. Xırdalan (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
  6. Cəlilabad (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
  7. Sumqayıt (7 oyun, 2 qələbə, 5 məğlubiyyət ) – 9 xal
  8. Sərhədçi (7 oyun, 2 qələbə, 5 məğlubiyyət) – 9 xal
  9. Gəncə (7 oyun, 2 qələbə, 5 məğlubiyyət) – 9 xal
  10. Şəki (7 oyun, 7 məğlubiyyət) – 7 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: