Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 3-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu iki oyunu “Sərhədçi” İdman Mərkəzində baş tutub.
Günün ilk oyununda “Neftçi” region təmsilçisi “Şəki”ni 90:64 hesabı ilə məğlub edib. Qalib komandanın ən məhsuldar basketbolçusu Toraje Breyk olub – 29 xal, 2 ribaund. “Şəki”də isə Pol Dibal fərqlənib – 39 xal, 13 ribaund.
Turun son oyununda çempionatın əsas favoritlərindən sayılan “Sabah” “Xırdalan”la qarşılaşıb. Oyun son çempionun 99:87 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın ən məhsuldar basketbolçusu Endar Poladxanlı olub – 21 xal, 3 ribaund. “Xırdalan”da isə Cakori Arçi ön plana çıxıb – 23 xal, 5 ribaund.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Xəzri” “Cəlilabad”a (89:79), “NTD-İndiqo” “Gəncə”yə (94:76), “Sumqayıt” “Sərhədçi”yə (74:70) qalib gəlmişdi.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (3 oyun, 3 qələbə) – 6 xal
- Neftçi (3 oyun, 2 qələbə, 1 məğlubiyyət) – 5 xal
- Xırdalan (3 oyun, 2 qələbə, 1 məğlubiyyət) – 5 xal
- NTD-İndiqo (2 oyun, 2 qələbə) – 4 xal
- Sabah (2 oyun, 2 qələbə) – 4 xal
- Sumqayıt (3 oyun, 1 qələbə, 2 məğlubiyyət ) – 4 xal
- Cəlilabad (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
- Sərhədçi (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
- Gəncə (3 oyun, 3 məğlubiyyət) – 3 xal
- Şəki (3 oyun, 3 məğlubiyyət) – 3 xal


