Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 3-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, turun üçüncü oyunu “Sərhədçi” İdman Mərkəzində baş tutub.
Paytaxt təmsilçisi “Sərhədçi” doğma meydanda əvvəlki iki oyunundan məğlub ayrılmış “Sumqayıt”la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçmiş oyun Sumqayıtın eyniadlı təmsilçisinin 74:70 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, turun ilk oyununda paytaxt klubu “Xəzri” səfərdə “Cəlilabad” üzərində 89:79 hesablı qələbəyə sevinmişdi. “NTD-İndiqo” isə “Gəncə”ni 94:76 hesabıyla məğlub etmişdi.
3-cü turun qalan oyunları (“Neftçi” – “Şəki” və “Xırdalan” – “Sabah”) sabah – 11 noyabrda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (3 oyun, 3 qələbə) – 6 xal
- NTD-İndiqo (2 oyun, 2 qələbə) – 4 xal
- Xırdalan (2 oyun, 2 qələbə) – 4 xal
- Sumqayıt (3 oyun, qələbə, 2 məğlubiyyət ) – 4 xal
- Cəlilabad (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
- Sərhədçi (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
- Neftçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
- Gəncə (3 oyun, 3 məğlubiyyət) – 3 xal
- Şəki (2 oyun, 2 məğlubiyyət) – 2 xal
- Sabah (1 oyun, 1 qələbə) – 2 xal


