Basketbol Liqası: Üç əsas favorit sürprizə imkan vermədi

Bu gün keçirilən üç oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, oyunlardan ikisi Sumqayıtdakı, biri isə Gəncədəki Olimpiya İdman Kompleksində baş tutub.

“Gəncə” doğma meydanda “Neftçi”yə uduzub – 80:85. Qalib komandanın ən məhsuldar basketbolçusu Toraje Breyk olub – 21 xal, 4 asist. “Gəncə”nin heyətində Culs Mur fərqlənib – 22 xal, 8 ribaund.

“Sərhədçi” “NTD-İndiqo” ilə gərgin oyundan 89:97 hesablı məğlubiyyətlə ayrılıb. Məğlub komandada ən məhsuldar basketbolçu Cəbrayıl Əkbərov olub – 21 xal, 4 ribaund. “NTD-İndiqo”da isə Brendon Yanqer özündən söz etdirib – 17 xal, 11 ribaund.

Turun son matçında “Sabah” “Cəlilabad” üzərində 107:89 hesablı qələbəyə sevinib. Son çempionun ən məhsuldar basketbolçusu Endar Poladxanlı (25 xal, 4 asist), “Cəlilabad”da Camani Pirs fərqlənib – 19 xal, 3 ribaund.

Xatırladaq ki, ilk oyun günündə “Sumqayıt” “Şəki”yə (96:81), “Xəzri” isə “Xırdalan”a (105:84) qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
  2. Neftçi (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
  3. Sabah (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
  4. NTD-İndiqo (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 10 xal
  5. Cəlilabad (6 oyun, 3 qələbə, 3 məğlubiyyət) – 9 xal
  6. Xırdalan (6 oyun, 2 qələbə, 4 məğlubiyyət) – 8 xal
  7. Sumqayıt (6 oyun, 2 qələbə, 4 məğlubiyyət ) – 8 xal
  8. Sərhədçi (6 oyun, 2 qələbə, 4 məğlubiyyət) – 8 xal
  9. Gəncə (6 oyun, 1 qələbə, 5 məğlubiyyət) – 7 xal
  10. Şəki (6 oyun, 6 məğlubiyyət) – 6 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: