Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 7-ci turunun daha iki oyunu baş tutub.
Arena.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutmuş günün ilk oyununda iki debütant – “Xəzri” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Liderlər qrupunda qərarlaşmış “Xəzri” rəqibi üzərində 95:85 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Cordan Perkins olub – 19 xal, 12 asist, 11 ribaund. “Sumqayıt”da isə Smit Roderik fərqlənib – 19 xal, 8 ribaund.
Günün ikinci oyununda isə yerli “Sərhədçi” “Xırdalan”la qarşılaşıb. Oyun “Xırdalan”ın 79:57 hesablı qələbəsi ilə yekunlaşıb. “Sərhədçi”nin heyətində ən məhsuldar basketbolçu Cekson Rid (13 xal, 4 asist) olub. “Xırdalan”da isə Cakori Arçi (21 xal, 3 ribaund) qələbədə əsas pay sahibinə çevrilib.
Xatırladaq ki, turun ilk oyun günündə “NTD-İndiqo” “Neftçi” üzərində 93:71 hesablı qələbəyə sevinib. Turun qalan oyunları 9-10 dekabrda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
- NTD-İndiqo (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 12 xal
- Neftçi (7 oyun, 5 qələbə, 2 məğlubiyyət) – 12 xal
- Sabah (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
- Xırdalan (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
- Cəlilabad (6 oyun, 3 qələbə, 3 məğlubiyyət) – 9 xal
- Sumqayıt (7 oyun, 2 qələbə, 5 məğlubiyyət ) – 9 xal
- Sərhədçi (7 oyun, 2 qələbə, 5 məğlubiyyət) – 9 xal
- Gəncə (6 oyun, 1 qələbə, 5 məğlubiyyət) – 7 xal
- Şəki (6 oyun, 6 məğlubiyyət) – 6 xal


