Basketbol Liqası: “Xırdalan” “Gəncə”ni məğlub yola saldı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 13-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sərhədçi” İdman Mərkəzində keçirilmiş günün yeganə matçında “Xırdalan” və “Gəncə” komandaları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan “Xırdalan” rəqibi üzərində 93:87 hesablı önəmli qələbə qazanaraq mövqeyini bir qədər də möhkəmləndirib. Qalib komandanın ən məhsuldar basketbolçusu Teyvion Körk olub – 33 xal, 5 assist. “Gəncə”də isə Tevon Horton fərqlənib – 24 xal, 4 ribaund.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  2. Xəzri (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  3. NTD-İndiqo (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  4. Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
  5. Neftçi (12 oyun, 8 qələbə, 4 məğlubiyyət) – 20 xal
  6. Sərhədçi (12 oyun, 5 qələbə, 7 məğlubiyyət) – 17 xal
  7. Cəlilabad (12 oyun, 4 qələbə, 8 məğlubiyyət) – 16 xal
  8. Gəncə (13 oyun, 3 qələbə, 10 məğlubiyyət) – 16 xal
  9. Sumqayıt (12 oyun, 3 qələbə, 9 məğlubiyyət ) – 15 xal
  10. Şəki (12 oyun, 12 məğlubiyyət) – 12 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: