Bu gün Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə start veriləcək. Arena.az xəbər verir ki, mövsümün açılış oyunu “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.
İlk oyunda “Sərhədçi” ilə “Cəlilabad” komandaları qarşılaşacaqlar. Bu oyuna saat 19:30-da start veriləcək.
Qeyd edək ki, ilk turun qalan görüşləri 27-29 oktyabrda baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparacaqlar. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq.
Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.


