Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün ilk turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyunu son çempion “Sabah”la “Gəncə” arasında baş tutub.
“Sərhədçi” İdman Mərkəzində keçirilən oyuna daha üstün başlayan “Sabah” yekunda 115:74 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Artyom Butyankov olub – 24 xal, 7 ribaund. “Gəncə”nin heyətində isə Kenyon Dulinq fərqlənib – 21 xal, 1 ribaund.
Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq.
Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Yeni mövsümün ilk turunun digər oyunlarında qeydə alınmış nəticələri xatırladırıq:
“Sərhədçi” – “Cəlilabad” 86:76
“Neftçi” İK – “Xəzri” 73:80
“Xırdalan” – “Şəki” 102:78
“NTD-İndiqo” – “Sumqayıt” 97:79
2-ci turun oyunları 1-5 noyabr aralığında baş tutacaq:
“Xəzri” – “Gəncə”
“Sumqayıt” – “Xırdalan”
“Cəlilabad” – “Neftçi”
“Şəki” – “Sərhədçi”
“Sabah” – “NTD-İndiqo”


