Basketbol Liqasında mövsümə bu oyunla start veriləcək

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünə oktyabrın 22-də start veriləcək. Arena.az xəbər verir ki, basketbol üzrə 29-cu Azərbaycan çempionatının açılış oyunu ötən il olduğu kimi, bu il də “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

Açılış oyununda ev sahibi “Sərhədçi” region təmsilçisi “Cəlilabad”la üz-üzə gələcək.

Görüş saat 19:30-da başlayacaq və canlı olaraq basketbolsevərlərə təqdim olunacaq.

Xatırladaq ki, yeni mövsümdə Azərbaycan çempionatında 10 komanda çempionluq uğrunda mübarizə aparacaq. “Sərhədçi” və “Cəlilabad”la yanaşı, “Sabah”, NTD-INDIGO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Neftçi”, “Şəki”, “Xəzri” və “Sumqayıt” da medallar uğrunda yarışacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk altılıqda tamamlayan klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: