Basketbol millimizə amerikalı oyunçu cəlb edildi

Basketbol üzrə Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün ilkin heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandamız qarşıdakı matçlara hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına start verib. Baş məşqçi Tahir Baxşıyevin dəvət göndərdiyi oyunçuların siyahısında isə yeni bir adda var. Belə ki, Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan basketbolçu Uesli Van Bek Azərbaycan millisində çıxış edəcək.

İspaniyanın “Tenerife” klubuna məxsus olan oyunçu AÇ-2029-un seçmə mərhələsinin oyunlarında yığmamızın uğurları üçün çalışacaq.

Bütövlükdə, baş məşqçi Tahir Baxşıyevin açıqladığı siyahıda bu oyunçular yer alıblar:

Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İsmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı.

Uesli Van Bek isə millinin heyətinə Şimali Makedoniyada qoşulacaq. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 basketbolçu millinin əsas heyətinə cəlb olunacaq.

Xatırladaq ki, millimiz AÇ-2029-un seçmə mərhələsi çərçivəsində qrupdaki ilk görüşünü noyabrın 27-də səfərdə Şimali Makedoniya yığmasına qarşı keçirəcək. Üç sonra isə komandamız Bakıda Lüksemburq seçməsi ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: