Basketbol: “Neftçi”dən müntəzəm çempionatda 11-ci qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 15-ci turunun ilk qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, ilk oyun gününün yeganə görüşü “Sərhədçi” İdman Mərkəzində keçirilib.

Burada “Neftçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşmış paytaxt təmsilçisi oyuna sürətli başlayıb və yekunda rəqibi üzərində 97:62 hesablı rahat qələbəyə sevinib.

Qalib komandanın ən məhsuldar basketbolçusu Di Ancelo Stüart olub – 17 xal, 7 ribaund. “Gəncə”nin heyətində isə İrşad Hant fərqlənib – 19 xal, 11 ribaund.

15-ci turun növbəti oyunları (“Xırdalan” – “Xəzri”, “NTD-İndiqo” – “Sərhədçi”, “Cəlilabad” – “Sabah”, “Şəki” – “Sumqayıt”) 15, 16 və 17 martda baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

1. Xəzri (14 oyun, 12 qələbə, 2 məğlubiyyət) – 26 xal

2. Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal

3. Sabah (14 oyun, 11 qələbə, 3 məğlubiyyət) – 25 xal

4. NTD-İndiqo (14 oyun, 10 qələbə, 4 məğlubiyyət) – 24 xal

5. Xırdalan (14 oyun, 9 qələbə, 5 məğlubiyyət) – 23 xal

6. Sərhədçi (14 oyun, 6 qələbə, 8 məğlubiyyət) – 20 xal

7. Cəlilabad (14 oyun, 5 qələbə, 9 məğlubiyyət) – 19 xal

8. Sumqayıt (14 oyun, 4 qələbə, 10 məğlubiyyət ) – 18 xal

9. Gəncə (15 oyun, 3 qələbə, 12 məğlubiyyət) – 18 xal

10. Şəki (14 oyun, 14 məğlubiyyət) – 14 xal

Xəbəri sosial şəbəkələrdə paylaş: