Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Arena.az xəbər verir ki, martın 9-da “Sərhədçi” İdman Mərkəzində B qrupunun daha iki qarşılaşması baş tutub.
Günün ilk oyunu “Gəncə” və “NTD-İndiqo” komandaları arasında keçirilib. Bu oyun Xaçmaz təmsilçisinin 98:75 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə “NTD-İndiqo” qrupdan çıxmağı təmin edib.
“Gəncə”nin ən məhsuldar basketbolçusu Donovan Filds olub – 25 xal, 5 assist. Qalib komandanın heyətində isə Əkbər Məmmədov fərqlənib – 22 xal, 11 ribaund.
Günün ikinci oyununda paytaxt klubları – “Sabah” və “Sərhədçi” qarşılaşıblar. Bu görüşdə “Sərhədçi” 87:82 hesablı qələbə qazanaraq sensasiyanı reallaşdırıb. Bu qələbə ilə “Sərhədçi” qrup oyunlarını yekunlaşdıraraq, qrupdan çıxmaq şanslarını gücləndirib.
“Sabah”ın ən məhsuldar basketbolçusu Artyom Butyankov olub – 17 xal, 11 ribaund). “Sərhədçi”də də Leon Cilmor özündən söz etdirib – 21 xal, 7 ribaund.
Qeyd edək ki, “B” qrupunda yarımfinala vəsiqə qazanacaq ikinci komandanın adına “Sabah” – “NTD-İndiqo” oyunundan sonra aydınlıq gələcək.