Basketbol: “NTD-İndiqo” liderlər qrupundakı yerini qorudu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 8-ci turunun sonuncu qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Xaçmaz Olimpiya İdman Kompleksində keçirilib.

Burada yerli “NTD-İndiqo” “Cəlilabad”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 108:93 hesablı qələbəsiylə yekunlaşıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Rəşid Abbasov olub – 22 xal, 3 ribaund. “Cəlilabad”da isə Tomas Kobi (17 xal, 4 ribaund) fərqlənib.

Turun əvvəlki oyunlarında “Xəzri” “Sərhədçi”ni (117:100), “Xırdalan” “Neftçi”ni (102:80), “Sabah” “Sumqayıt”ı (105:79), “Gəncə” isə “Şəki”ni (78:66) məğlub edib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
  2. NTD-İndiqo (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
  3. Xəzri (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
  4. Neftçi (8 oyun, 5 qələbə, 3 məğlubiyyət) – 13 xal
  5. Xırdalan (8 oyun, 4 qələbə, 4 məğlubiyyət) – 12 xal
  6. Gəncə (8 oyun, 3 qələbə, 5 məğlubiyyət) – 11 xal
  7. Cəlilabad (8 oyun, 3 qələbə, 5 məğlubiyyət) – 11 xal
  8. Sərhədçi (8 oyun, 2 qələbə, 6 məğlubiyyət) – 10 xal
  9. Sumqayıt (8 oyun, 2 qələbə, 6 məğlubiyyət ) – 10 xal
  10. Şəki (8 oyun, 8 məğlubiyyət) – 8 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: