Basketbol: “NTD-İndiqo”nun məğlubiyyətsiz seriyası davam edir

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 5-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.

Burada “Xırdalan”la “NTD-İndiqo” komandaları üz-üzə gəliblər. “NTD-İndiqo” yekunda 96:86 hesablı qələbə qazanaraq məğlubiyyətsizlik seriyasını davam etdirib. Qalib komandanın ən məhsuldar basketbolçusu Cared Smol olub – 24 xal, 4 ribaund. “Xırdalan”da isə Cakori Arçi fərqlənib – 24 xal, 8 ribaund.

5-ci turun qalan oyunları (“Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 25-26 noyabr tarixləri aralığında baş tutacaq. Daha öncə “Sərhədçi” “Gəncə”yə 109:108 hesabıyla qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. NTD-İndiqo (4 oyun, 4 qələbə) – 8 xal
  2. Xəzri (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  3. Neftçi (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  4. Sərhədçi (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
  5. Xırdalan (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
  6. Sabah (3 oyun, 3 qələbə) – 6 xal
  7. Cəlilabad (4 oyun, 2 qələbə, 2 məğlubiyyət) – 6 xal
  8. Gəncə (5 oyun, 1 qələbə, 4 məğlubiyyət) – 6 xal
  9. Sumqayıt (4 oyun, 1 qələbə, 3 məğlubiyyət ) – 5 xal
  10. Şəki (4 oyun, 4 məğlubiyyət) – 4 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: