Basketbol: “Şəki” “Neftçi”yə də uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Şəki Olimpiya İdman Kompleksində keçirilmiş günün yeganə matçında yerli “Şəki” komandası heyətində kifayət qədər zədəli basketbolçuları olan “Neftçi” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bu oyunda 72:65 hesablı qələbəyə sevinib. Bu qələbədən sonra “Neftçi” yenidən 4 -cü pilləyə yüksəlib. Qalib komandanın ən məhsuldar basketbolçusu Fuqua Nils olub – 20 xal, 19 ribaund. “Şəki”də isə Simeus Vebster (15 xal, 13 ribaund) fərqlənib.

Daha əvvəl “Xəzri” “Cəlilabad”ı (100:81), “Xırdalan” “Sabah”ı (107:103), “Sərhədçi” isə “Sumqayıt”ı (91:63), “NTD-İndiqo” “Gəncə”ni (94:80) məğlub etmişdi.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  2. Xəzri (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  3. NTD-İndiqo (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  4. Neftçi (12 oyun, 8 qələbə, 4 məğlubiyyət) – 20 xal
  5. Xırdalan (12 oyun, 7 qələbə, 5 məğlubiyyət) – 19 xal
  6. Sərhədçi (12 oyun, 5 qələbə, 7 məğlubiyyət) – 17 xal
  7. Cəlilabad (12 oyun, 4 qələbə, 8 məğlubiyyət) – 16 xal
  8. Sumqayıt (12 oyun, 3 qələbə, 9 məğlubiyyət ) – 15 xal
  9. Gəncə (12 oyun, 3 qələbə, 9 məğlubiyyət) – 15 xal
  10. Şəki (12 oyun, 12 məğlubiyyət) – 12 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: