Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun ilk qarşılaşması Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.
Açılış oyununda çempionatın aşağı sıralarında qərarlaşmış “Sərhədçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. İki əlavə vaxtın yaşandığı gərgin oyunun yekununda 17 xallıq fərqdən geri dönüşü reallaşdıran “Sərhədçi” 109:108 hesablı çətin qələbəyə sevinib.
Qalib komandanın ən məhsuldar basketbolçusu Brendon Miller olub – 30 xal, 9 asist. “Gəncə”nin heyətində isə Culs Mur fərqlənib – 33 xal, 16 ribaund.
5-ci turun digər oyunları (“Xırdalan” – “NTD-İndiqo”, “Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 24-26 noyabr tarixləri aralığında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
- Neftçi (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
- Sərhədçi (4 oyun, 1 qələbə, 3 məğlubiyyət) – 7 xal
- Sabah (3 oyun, 3 qələbə) – 6 xal
- NTD-İndiqo (3 oyun, 3 qələbə) – 6 xal
- Xırdalan (4 oyun, 2 qələbə, 2 məğlubiyyət) – 6 xal
- Cəlilabad (4 oyun, 2 qələbə, 2 məğlubiyyət) – 6 xal
- Gəncə (4 oyun, 1 qələbə, 3 məğlubiyyət) – 6 xal
- Sumqayıt (4 oyun, 1 qələbə, 3 məğlubiyyət ) – 5 xal
- Şəki (4 oyun, 4 məğlubiyyət) – 4 xal


