Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 10-cu turunun daha bir qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Cəlilabad Olimpiya İdman Kompleksində keçirilib.
Burada “Cəlilabad” doğma azarkeşləri qarşısında çempionatın autsayderlərindən birinə çevrilmiş “Sərhədçi”ni qəbul edib. Bərabər mübarizə şəraitində keçən oyunun yekununda “Sərhədçi” 97:92 hesablı qələbə qazanıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu Brendon Miller olub – 27 xal, 10 asist. “Cəlilabad”da isə Zaur Paşayev fərqlənib – 27 xal, 7 ribaund.
Xatırladaq ki, 10-cu turun və ikinci dövrənin açılış oyununda “Xəzri” “Neftçi” üzərində 86:84 hesablı qələbəyə sevinmişdi. Ötən gün isə “NTD-İndiqo” səfərdə “Sumqayıt”a 104:95 hesabıyla qalib gəlib. Turun növbəti oyunları (“Şəki” – “Xırdalan”, “Gəncə” – “Sabah”) sabah baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- NTD-İndiqo (10 oyun, 9 qələbə, 1 məğlubiyyət) – 19 xal
- Xəzri (10 oyun, 8 qələbə, 2 məğlubiyyət) – 18 xal
- Sabah (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
- Neftçi (10 oyun, 6 qələbə, 4 məğlubiyyət) – 16 xal
- Cəlilabad (10 oyun, 4 qələbə, 6 məğlubiyyət) – 14 xal
- Xırdalan (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
- Sumqayıt (10 oyun, 3 qələbə, 7 məğlubiyyət ) – 13 xal
- Sərhədçi (10 oyun, 3 qələbə, 7 məğlubiyyət) – 13 xal
- Gəncə (9 oyun, 3 qələbə, 6 məğlubiyyət) – 12 xal
- Şəki (9 oyun, 9 məğlubiyyət) – 9 xal


