Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 12-ci turunun növbəti qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. Burada pley-off uğrunda mübarizə aparan “Sumqayıt” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Qonaqlar bu oyunda 91:63 hesablı rahat qələbə qazanıblar. Bu, Evren Alkayanın gəlişindən sonra “sərhədçilər”in ardıcıl üçüncü qələbəsidir.
Qalib komandanın ən məhsuldar basketbolçusu Troy Kraknel olub – 16 xal, 5 ribaund. “Sumqayıt”da isə Cey Mörl fərqlənib – 17 xal, 4 ribaund.
12-cu turun son oyunları (“Gəncə” – “NTD-İndiqo”, “Şəki” – “Neftçi”) 27 və 28 yanvarda keçiriləcək. Turun əvvəlki oyunlarında “Xəzri” “Cəlilabad”a 100:81, “Xırdalan” isə “Sabah”a 107:103 hesabıyla qalib gəlib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
- Xəzri (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
- NTD-İndiqo (11 oyun, 9 qələbə, 2 məğlubiyyət) – 20 xal
- Xırdalan (12 oyun, 7 qələbə, 5 məğlubiyyət) – 19 xal
- Neftçi (11 oyun, 7 qələbə, 4 məğlubiyyət) – 18 xal
- Sərhədçi (12 oyun, 5 qələbə, 7 məğlubiyyət) – 17 xal
- Cəlilabad (12 oyun, 4 qələbə, 8 məğlubiyyət) – 16 xal
- Sumqayıt (12 oyun, 3 qələbə, 9 məğlubiyyət ) – 15 xal
- Gəncə (11 oyun, 3 qələbə, 8 məğlubiyyət) – 14 xal
- Şəki (11 oyun, 11 məğlubiyyət) – 11 xal


