Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Sərhədçi” İdman Mərkəzində baş tutmuş turun açılış oyununda “Sərhədçi” və “Şəki” komandaları üz-üzə gəliblər. Bu görüşdə “Sərhədçi” 112:82 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Kaleb Hanter (30 xal, 7 asist), “Şəki”nin fərqlənəni isə Pol Dibal (21 xal, 9 ribaund) olub.
Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış Neftçi” “Cəlilabad”la qarşılaşıb. Gərgin oyunun yekununda 72:63 hesabı ilə sevinən tərəf “Neftçi” olub. “Neftçinin ən məhsuldar basketbolçusu Toraje Breyk olub – 20 xal, 11 asist. “Cəlilabad”da isə Rişan Conson fərqlənib – 15 xal, 10 ribaund.
“Gəncə” – “Xəzri” və “Xırdalan” – “Sumqayıt” oyunları yanvarın 19-da, “NTD-İndiqo” – “Sabah” görüşü isə ayın 21-də keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (10 oyun, 9 qələbə, 1 məğlubiyyət) – 19 xal
- NTD-İndiqo (10 oyun, 9 qələbə, 1 məğlubiyyət) – 19 xal
- Xəzri (10 oyun, 8 qələbə, 2 məğlubiyyət) – 18 xal
- Neftçi (11 oyun, 7 qələbə, 4 məğlubiyyət) – 18 xal
- Xırdalan (10 oyun, 5 qələbə, 5 məğlubiyyət) – 15 xal
- Cəlilabad (11 oyun, 4 qələbə, 7 məğlubiyyət) – 15 xal
- Sumqayıt (10 oyun, 3 qələbə, 7 məğlubiyyət ) – 13 xal
- Sərhədçi (11 oyun, 4 qələbə, 7 məğlubiyyət) – 15 xal
- Gəncə (10 oyun, 3 qələbə, 7 məğlubiyyət) – 13 xal
- Şəki (11 oyun, 11 məğlubiyyət) – 11 xal


