Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 12-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Xəzri” və “Cəlilabad” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində gerçəkləşən görüş paytaxt təmsilçisinin 100:81 hesablı qələbəsi ilə bitib.
Bu gün həmçinin “Sabah” – “Xırdalan” oyunu keçirilib. Eyni arenada baş tutan və əlavə vaxta gedən gərgin matçın yekununda “Xırdalan” 107:103 hesabı ilə sürpriz və əzmkar qələbə qazanıb.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
- Xəzri (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
- NTD-İndiqo (11 oyun, 9 qələbə, 2 məğlubiyyət) – 20 xal
- Xırdalan (12 oyun, 7 qələbə, 5 məğlubiyyət) – 19 xal
- Neftçi (11 oyun, 7 qələbə, 4 məğlubiyyət) – 18 xal
- Cəlilabad (12 oyun, 4 qələbə, 8 məğlubiyyət) – 16 xal
- Sərhədçi (11 oyun, 4 qələbə, 7 məğlubiyyət) – 15 xal
- Sumqayıt (11 oyun, 3 qələbə, 8 məğlubiyyət ) – 14 xal
- Gəncə (11 oyun, 3 qələbə, 8 məğlubiyyət) – 14 xal
- Şəki (11 oyun, 11 məğlubiyyət) – 11 xal


