Basketbol: “Sabah” qalib gəldi, “Neftçi” uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün hər iki qarşılaşması “Sərhədçi” İdman Mərkəzində baş tutub.

Günün ilk oyununda son çempion “Sabah” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Liderlər qrupunda qərarlaşmış “Sabah”, rəqibi üzərində 105:79 hesablı qələbəyə sevinib. “Sabah”ın ən məhsuldar basketbolçusu Artyom Butyankov olub – 18 xal, 7 ribaund. “Sumqayıt”ın heyətində isə Smit Roderik (18 xal, 9 ribaund) fərqlənib.

Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş “Xırdalan” zədə səbəbindən iki əsas oyunçusu olmayan “Neftçi” ilə qarşılaşıb. Oyun “Xırdalan”ın 102:80 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Zeyver Bryuer olub – 24 xal, 6 ribaund. “Neftçi”də isə Ceyms Haforn (18 xal, 8 ribaund) diqqət mərkəzinə düşüb.

Daha öncə “Xəzri” “Sərhədçi”yə 117:100 hesabıyla qalib gəlmişdi. 8-ci turun növbəti oyunları (“Gəncə” – “Şəki”, “NTD-İndiqo” – “Cəlilabad”) 16 və 17 dekabrda baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
  2. Xəzri (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
  3. NTD-İndiqo (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
  4. Neftçi (8 oyun, 5 qələbə, 3 məğlubiyyət) – 13 xal
  5. Xırdalan (8 oyun, 4 qələbə, 4 məğlubiyyət) – 12 xal
  6. Cəlilabad (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
  7. Sərhədçi (8 oyun, 2 qələbə, 6 məğlubiyyət) – 10 xal
  8. Sumqayıt (8 oyun, 2 qələbə, 6 məğlubiyyət ) – 10 xal
  9. Gəncə (7 oyun, 2 qələbə, 5 məğlubiyyət) – 9 xal
  10. Şəki (7 oyun, 7 məğlubiyyət) – 7 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: