Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 9-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Sərhədçi” İdman Mərkəzində baş tutmuş günün ilk oyununda “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Bu görüşdə “Neftçi” 88:86 hesablı çətin qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Toraje Breyk olub – 25 xal, 14 asist. “Sərhədçi”də isə Brendon Miller fərqlənib – 29 xal, 11 asist.
Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış “Xəzri” və “Sabah” komandaları qarşılaşıblar. Gərgin oyunun yekununda 84:80 hesabı ilə qalib gələn “Sabah” liderliyini qoruyub. “Xəzri”nin ən məhsuldar basketbolçusu Amil Həmzəyev olub – 17 xal, 5 ribaund. “Sabah”da isə Mayk Holton özündən söz etdirib – 18 xal, 4 asist.
Turun qalan oyunları 22, 23 və 24 dekabrda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
- Xəzri (9 oyun, 7 qələbə, 2 məğlubiyyət) – 16 xal
- NTD-İndiqo (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
- Neftçi (9 oyun, 6 qələbə, 3 məğlubiyyət) – 15 xal
- Xırdalan (8 oyun, 4 qələbə, 4 məğlubiyyət) – 12 xal
- Gəncə (8 oyun, 3 qələbə, 5 məğlubiyyət) – 11 xal
- Cəlilabad (8 oyun, 3 qələbə, 5 məğlubiyyət) – 11 xal
- Sərhədçi (9 oyun, 2 qələbə, 7 məğlubiyyət) – 11 xal
- Sumqayıt (8 oyun, 2 qələbə, 6 məğlubiyyət ) – 10 xal
- Şəki (8 oyun, 8 məğlubiyyət) – 8 xal


