Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
B qrupunda turun son matçı Gəncədə keçirilib. Şəhərin eyniadlı komandası turnir cədvəlindəki qonşusu “Ordu”nu sınağa çəkib. Gərgin keçən matç ev sahiblərinin qələbəsi ilə bitib. Bu qələbə “Gəncə”ni birinci pilləyə yüksəldib.
Digər iki görüş A qrupu çərçivəsində keçirilib. “Sabah” “Abşeron”la görüşdə əziyyət çəkməyib. Çempion 33 xallıq fərqlə qalib gəlib.
Son turları uğursuz keçirən “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçsə də, sona yaxın rəqib komanda hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, komanda iki turdan sonra iki xallıq fərqlə qələbə qazanıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
18-ci tur
15 mart
B qrupu
“Gəncə” – “Ordu” 84:74 (22:8, 19:18, 17:20, 26:28)
Gəncə İdman Sarayı.
Xallar: Gəncə – 32. Şəki – 32. Ordu – 29. Sumqayıt – 25. Quba – 23. Lənkəran – 21.
A qrupu
“Sabah” – “Abşeron” 99:64 (23:12, 16:10, 31:21, 29:21)
Sərhədçi İdman Mərkəzi.
“Naxçıvan” – “Sərhədçi” 68:66 (21:17, 12:10, 16:12, 19:27)
Sərhədçi İdman Mərkəzi.
Xallar: Sabah – 32. Naxçıvan – 30. Neftçi – 25. Abşeron – 25. Sərhədçi – 24. NTD – 23.


