Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Şəki Olimpiya İdman Kompleksində “Xırdalan” “Şəki”nin qonağı olub və rəqibinə 107:92 hesabı ilə qalib gəlib. Qalib komandanın ən məhsuldar basketbolçusu Teyvion Körk olub – 29 xal, 6 asist. “Şəki”də isə Dayron Kinq fərqlənib – 24 xal, 6 ribaund.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan turun son oyununda isə çempionatın lideri “Sabah” yerli “Gəncə”yə 103:86 hesabı ilə qalib gələrək, liderliyini qoruyub. Qalib komandanın ən məhsuldar basketbolçusu Entoni Vilson olub – 36 xal, 10 ribaund. “Gəncə”də isə Kenyon Dulinq özündən söz etdirib – 23 xal, 3 asist.
10-cu turun əvvəlki oyunlarında “Xəzri” “Neftçi”yə 86:84, “NTD-İndiqo” “Sumqayıt”a 104:95, “Sərhədçi” isə “Cəlilabada”a 97:92 hesabıyla qalib gəlmişdi.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (10 oyun, 9 qələbə, 1 məğlubiyyət) – 19 xal
- NTD-İndiqo (10 oyun, 9 qələbə, 1 məğlubiyyət) – 19 xal
- Xəzri (10 oyun, 8 qələbə, 2 məğlubiyyət) – 18 xal
- Neftçi (10 oyun, 6 qələbə, 4 məğlubiyyət) – 16 xal
- Xırdalan (10 oyun, 5 qələbə, 5 məğlubiyyət) – 15 xal
- Cəlilabad (10 oyun, 4 qələbə, 6 məğlubiyyət) – 14 xal
- Sumqayıt (10 oyun, 3 qələbə, 7 məğlubiyyət ) – 13 xal
- Sərhədçi (10 oyun, 3 qələbə, 7 məğlubiyyət) – 13 xal
- Gəncə (10 oyun, 3 qələbə, 7 məğlubiyyət) – 13 xal
- Şəki (10 oyun, 10 məğlubiyyət) – 10 xal


