Basketbol: “Xəzri” “Sərhədçi” üzərində qələbə ilə zirvədə!

Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 8-ci turuna start verilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması “Sərhədçi” İdman Mərkəzində baş tutub.

Burada “Xəzri” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Rəqibə nisbətdə daha üstün oyun nümayiş etdirən “Xəzri” yekunda 117:100 hesablı qazanıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Mark Vital olub – 28 xal, 4 ribaund. “Sərhədçi”də isə Cəbrayıl Əkbərov özündən söz etdirib – 24 xal, 14 ribaund.

Xatırladaq ki, 8-ci turun növbəti oyunları (“Sabah” – “Sumqayıt”, “Xırdalan” – “Neftçi”, “Gəncə” – “Şəki”, “NTD-İndiqo” – “Cəlilabad”) 15, 16 və 17 dekabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
  2. Sabah (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
  3. NTD-İndiqo (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
  4. Neftçi (7 oyun, 5 qələbə, 2 məğlubiyyət) – 12 xal
  5. Xırdalan (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
  6. Cəlilabad (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
  7. Sərhədçi (8 oyun, 2 qələbə, 6 məğlubiyyət) – 10 xal
  8. Sumqayıt (7 oyun, 2 qələbə, 5 məğlubiyyət ) – 9 xal
  9. Gəncə (7 oyun, 2 qələbə, 5 məğlubiyyət) – 9 xal
  10. Şəki (7 oyun, 7 məğlubiyyət) – 7 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: