Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 15-ci turunun növbəti qarşılaşmaları baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Xaçmaz Olimpiya İdman Kompleksində keçirilib.
Burada çempionatın güclü kollektivlərindən sayılan “NTD-İndiqo” son zamanlar yüksəlişdə olan “Sərhədçi” ilə üz-üzə gəlib. Xaçmaz təmsilçisi bu oyunda 84:74 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Qriffin Remmi olub – 22 xal, 11 assist. “Sərhədçi”də isə Tarık Vudi fərqlənib – 23 xal, 11 ribaund.
Günün ikinci oyunu “Sərhədçi” İdman Mərkəzində keçirilib. Pley-off zonasında qərarlaşmış “Xırdalan” çempionatın lideri “Xəzri” ilə qarşılaşıb. Oyun “Xəzri”nin 108:82 hesablı rahat qələbəsi ilə yekunlaşıb. “Xırdalan”ın ən məhsuldar basketbolçusu Zeyver Bryüer olub – 28 xal, 6 ribaund. “Xəzri”nin qələbəsində isə Ceremi Maklaflin əsas pay sahib olub – 22 xal, 11 ribaund.
Turun ilk oyununda dünən “Neftçi” “Gəncə”yə 97:62 hesabıyla qalib gəlmişdi. 15-ci turun növbəti oyunları (“Cəlilabad” – “Sabah”, “Şəki” – “Sumqayıt”) 16 və 17 martda baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (15 oyun, 13 qələbə, 2 məğlubiyyət) – 28 xal
- Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
- NTD-İndiqo (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
- Sabah (14 oyun, 11 qələbə, 3 məğlubiyyət) – 25 xal
- Xırdalan (15 oyun, 9 qələbə, 6 məğlubiyyət) – 24 xal
- Sərhədçi (15 oyun, 6 qələbə, 9 məğlubiyyət) – 21 xal
- Cəlilabad (14 oyun, 5 qələbə, 9 məğlubiyyət) – 19 xal
- Sumqayıt (14 oyun, 4 qələbə, 10 məğlubiyyət ) – 18 xal
- Gəncə (15 oyun, 3 qələbə, 12 məğlubiyyət) – 18 xal
- Şəki (14 oyun, 14 məğlubiyyət) – 14 xal


