“Bayern” azarkeşlərindən toplu etiraz aksiyası

“Bayern” klubunun azarkeşləri Almaniya Kubokunun 1/32 final mərhələsinin “Proyssen”ə qarşı səfər oyununda etiraz tədbiri həyata keçiriblər.

Arena.az jurnalist Patrik Bergerin hadisə yerindən verdiyi ilk məlumat əsasında xəbər verir ki, hakimlər oyunun başlaması təxirə salmalı olublar.

Oyunun gedişində isə fasilə yaşanıb. Etirazçılar meydana sarı tennis topları atmaqla narazılıqlarını ifadə ediblər. Bu azmış kimi, bir qisim azarkeş məşəl alovlandırmaqla hirsini soyudub. Mərəkə səngiyəndən sonra oyun davam etdirilib, Almaniya nəhəngi 4:0 hesabı ilə qələbə qazanıb.

Azarkeşlər meydana 185 top atıblar. Bunun müqabilində Münhen klubunu təxminən 65 min avro cərimə gözləyir. Hər top 350 avro məbləğində cərimə deməkdir.

Azarkeşlərin narazılığına səbəb mövsümün təqvimi ilə bağlıdır. Təfərrüata gəlincə, 2023 Almaniya Super Kuboku uğrunda oyunun avqustun 12-də keçirilməsi, digər komandaların isə Almaniya Kubokunun ilk mərhələsi çərçivəsində oyunlarını məhz həmin vaxt keçirməsi münhenli azarkşeləri qane etməyib. “Bayern”in cari Almaniya Kuboku mövsümündə debüt oyununun bir aydan çox gecikməsi də münhenliləri hiddətləndirib. Hadisənin kökündə Almaniya nəhənginin super kuboku əldən verməsi amili də dayanır.

Xatırladaq ki, Almaniya nəhəngi super kubok oyununda “Leypsiq”ə 0:3 hesabı ilə gözlənilmədən məğlub olmuşdu.

Bundesliqada “Bayern” 5 turdan sonra 13 xalla liderdir. Münhenlilər eyni sayda xal toplamış “Bayer”i daha yaxşı top fərqinə görə qabaqlayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: